“Survivor” iştirakçısı ayağını itirdi – Acun Ilıcalı və şirkətinə qarşı 100 milyon dollarlıq qaldırdı

“Survivor” iştirakçısı ayağını itirdi – Acun Ilıcalı və şirkətinə qarşı 100 milyon dollarlıq qaldırdı

“Survivor Yunanıstan” yarışmasının 13-cü mövsümündə iştirak edən 22 yaşlı Stavros Floros Dominikan Respublikasında keçirdiyi qayıq qəzasından sonra Acun Ilıcalı, “AcunMedya” və SKAI TV-ni məhkəməyə verib.

Florosun iddiasına görə, hadisə Dominikan Respublikasının Bayahibe bölgəsi yaxınlığında açıq dənizdə balıq ovu zamanı baş verib. O, tur qayığının pərvanəsinə ilişərək ağır xəsarət alıb və nəticədə sol ayağını itirib.

Yarışma iştirakçısı prodüserləri kobud səhlənkarlıqda ittiham edib. O bildirib ki, açıq dənizdə balıq ovu yarışma formatının bir hissəsi olsa da, turistlərin sıx olduğu ərazidə lazımi təhlükəsizlik tədbirləri görülmədən iştirakçılar dənizə buraxılıb.

Florosun sözlərinə görə, qəza zamanı ərazidə təhlükəsizlik qayıqları, müşahidə məntəqələri, qorunan sahələr və xəbərdarlıq nişanları olmayıb. O, həmin sularda daha əvvəl də oxşar hadisələrin, o cümlədən ölüm faktının baş verdiyini iddia edib.

Bildirilənə görə, may ayında baş verən qəza zamanı qayığın pərvanəsi Florosun sol ayağına ciddi xəsarət yetirib. Onun sözlərinə görə, ayağı sudan çıxarılmayıb. Qanaxmanın qarşısı isə qayıqdakı başqa bir sərnişinin tətbiq etdiyi turniketlə alınıb.

Daha sonra Floros tibbi yardım üçün Mayamidəki xəstəxanaya çatdırılıb. O, iki ay ərzində xəstəxanada müalicə olunub və sol ayağının amputasiyası ilə yanaşı, ağır zədələnmiş sağ ayağının bərpası üçün də çoxsaylı əməliyyatlar keçirib.

Məhkəməyə təqdim olunan iddiada 100 milyon dollardan çox təzminat tələb olunur. Məbləğin fiziki ağrı, psixoloji travma və həyat keyfiyyətinin itirilməsi də daxil olmaqla müxtəlif zərərləri əhatə etdiyi bildirilir.

“AcunMedya” isə hadisənin yarış iştirakçısının nizə ilə balıq tutduğu zaman baş verdiyini, lakin bunun yarış prosesindən kənarda qeydə alındığını açıqlayıb. Şirkət Florosa dərhal tibbi yardım göstərildiyini və onun təhlükəsiz şəkildə xəstəxanaya çatdırıldığını bildirib. Liman rəhbərliyinin də qəzanın bütün hallarını müəyyənləşdirmək üçün araşdırma apardığı qeyd olunub.

Hadisədən sonra “Survivor Yunanıstan”ın yayımını dayandıran SKAI TV isə istehsal prosesinin tamamilə “AcunMedya”nın nəzarəti və məsuliyyəti altında olduğunu açıqlayıb. Kanal Florosun səhhətini yaxından izlədiyini, onun müalicəsi və reabilitasiyası üçün mümkün olan bütün dəstəyi göstərəcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir