Ukraynanın sentyabrın 5-dən 8-dək üçgünlük atəşkəs elan etdiyi bildirilir.
Ali Radanın deputatı Aleksey Qonçarenko məlumatı öz Teleqram kanalında yayıb. Onun sözlərinə görə, 5 sentyabr saat 00:00-dan 8 sentyabr saat 23:59-dək qüvvədə olacaq atəşkəs quru, hava və dəniz cəbhələrini əhatə edəcək.
Deputat bu məlumatı hərbi mənbələrə istinadən açıqlayıb.
“Ukrayinskaya Pravda” nəşri də Ukrayna Silahlı Qüvvələrinə atəşkəslə bağlı müvafiq əmr verildiyini yazıb.
Məlumata görə, qərarın ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşnerin Moskva və Kiyevə planlaşdırılan səfərləri ilə əlaqəli olduğu bildirilir. ABŞ nümayəndələrinin Rusiya və Ukrayna ilə təmaslarının yaxın günlərdə davam etdiriləcəyi barədə məlumatlar da yayılıb.
Qeyd edək ki, atəşkəs barədə məlumat hələlik Ukrayna hakimiyyəti tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
