Prokurorluq və daxili işlər orqanlarının birgə keçirdiyi tədbirlər nəticəsində 11 il əvvəl Şəmkirdə törədilmiş xüsusilə ağır cinayətin üstü açılıb.
Xəbəraxını.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb.
Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 59 yaşlı Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə cinayət işi başlanıb. Hazırda həmin iş üzrə istintaq Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilib.
Baş Prokurorluq və DİN-in aidiyyəti qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti çərçivəsində aparılan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Şəmkir rayon sakini Xəyal Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq materiallarına əsasən, X.Məmmədov tamah məqsədilə Kifayət Məhərrəmovanı yaşadığı mənzildə cib bıçağı ilə çoxsaylı zərbələr endirərək xüsusi amansızlıqla qəsdən öldürüb. Daha sonra o, mənzildən 100 manat pul və çoxsaylı qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıb.
Xəyal Məmmədov şübhəli şəxs qismində verdiyi ifadəsində cinayəti törətdiyini etiraf edib. Onun ifadəsi hadisə yerində də yoxlanılıb.
X.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və ona ittiham elan edilib.
Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Şəmkir Rayon Məhkəməsinin qərarı ilə X.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən illərdə bağlı qalmış cinayətlərin, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması və açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin daim diqqətindədir. Bu istiqamətdə aidiyyəti qurumların qarşılıqlı əməkdaşlığı çərçivəsində kompleks tədbirlər davam etdirilir.
