Sabah bu stansiyalara gediş ödənişsiz olacaq

Sabah bu stansiyalara gediş ödənişsiz olacaq

Sentyabrın 23-dən etibarən metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müəyyən müddət ərzində ödənişsiz həyata keçiriləcək.

Xəbəraxını.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb.

Bildirilib ki, xətlərin ayrılması layihəsi çərçivəsində sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə bu stansiyalardan istifadənin imkanları genişləndirilir.

Belə ki, Sumqayıt və Xırdalan şəhərlərindən, Bakı-Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələrindən, eləcə də Abşeron və Qaradağ rayonlarının bir sıra ərazilərindən gələn sərnişinlərin “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metro xidmətlərindən yararlanması asanlaşacaq.

Qeyd olunan istiqamətlərdən gələn sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından metroya daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.

Məlumata görə, nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılan monitorinqlər və sosial-iqtisadi təhlillər nəticəsində zəruri hesab edilən istiqamətlər üzrə bir sıra avtobus marşrutlarının birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilməsi də nəzərdə tutulur.

Görüləcək tədbirlər Yaşıl və Bənövşəyi xətlərlə Qırmızı xətt arasında daha rahat və alternativ hərəkət imkanlarının yaradılmasına, sərnişinlərin vaxt və maliyyə itkilərinin azaldılmasına xidmət edəcək.

Bununla yanaşı, xətlərin ayrılması layihəsinin icrası müddətində sərnişin axınlarının daha səmərəli bölüşdürülməsi, şəhərin giriş istiqamətlərində ictimai nəqliyyatın hərəkətinin optimallaşdırılması və sərnişinlər üçün alternativ marşrutların genişləndirilməsi təmin olunacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir