IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə IV Bakı Təhlükəsizlik Forumu fəaliyyətə başlayıb.

Xəbəraxını.com Qafqazinfo-ya istinadən xəbər verir ki, “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda keçirilən forumda beynəlxalq təşkilatların, eləcə də 100-dən çox ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələri iştirak edir.

Tədbir açıq elan olunduqdan sonra Prezident İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub.

Forumda çıxış edən DTX rəisi, general-polkovnik Əli Nağıyev ölkə başçısının təşəbbüsü ilə əsası qoyulan və hər il əhatə dairəsi genişlənən Bakı Təhlükəsizlik Forumunun iştirakçılarını yenidən Bakıda salamlamaqdan məmnun olduğunu bildirib.

İlkin müzakirələr zamanı qeyd olunub ki, Bakıda keçirilən beynəlxalq forum xüsusi xidmət və təhlükəsizlik orqanları arasında mühüm dialoq platformasına çevrilib. Tədbirdə 600-ə yaxın yüksəksəviyyəli nümayəndənin iştirakı 2023-cü ildən etibarən Forum çərçivəsində qlobal təhlükələrə qarşı aparılan davamlı dialoqun coğrafiyasının genişləndiyini göstərir.

Bildirilib ki, bu platforma milli təcrübələrin müqayisəsi, peşəkar əlaqələrin inkişaf etdirilməsi və ortaq həll yollarının axtarılması üçün geniş imkanlar yaradır. Tərəfdaş qurumların rəhbərlərinin geniş iştirakı Bakı platformasına göstərilən etimadı nümayiş etdirir və müzakirələrin praktiki əməkdaşlığa çevrilməsi imkanlarını artırır.

Həmçinin vurğulanıb ki, Forum siyasi yanaşmalardakı fərqlərə baxmayaraq, əməkdaşlığın təşviq edilməsi və ümumi təhlükələrə qarşı kommunikasiya kanallarının qorunması baxımından əhəmiyyət daşıyır.

Qeyd olunub ki, beynəlxalq təhlükəsizlik sistemində transformasiya prosesi gedir. Terrorçuluq, transmilli cinayətkarlıq, qeyri-qanuni miqrasiya, narkotik vasitələrin dövriyyəsi və kibercinayətkarlıq kimi təhdidlər artır. Transsərhəd xarakter daşıyan bu çağırışlarla yalnız ayrı-ayrı ölkələrin mübarizə aparması mümkün deyil. Bu baxımdan etibarlı tərəfdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, təhlükəsizlik yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır. Enerji, nəqliyyat, bank, su ehtiyatları, rabitə və informasiya məkanı da dövlət xidmətlərinin dayanıqlılığının mühüm tərkib hissələridir.

Eyni zamanda diqqətə çatdırılıb ki, kiberməkan, süni intellekt və kosmik sistemlər sahəsində qlobal rəqabət getdikcə güclənir. Silahlanmaya çəkilən xərclərin artması və münaqişələr regional proseslərə, enerji və ərzaq təhlükəsizliyinə ciddi təsir göstərərək terrorçuluq üçün əlverişli şərait yarada bilər.

Vurğulanıb ki, dünyanın istənilən regionunda baş verən böhran qısa müddətdə qlobal təhlükəyə çevrilə bilər. Bakı Təhlükəsizlik Forumunda risk və təhdidlərin qarşılıqlı əlaqədə qiymətləndirilməsi isə ölkələrin mümkün çağırışlara daha hazırlıqlı olmasına xidmət edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir