Avropada supermarketlərə kiberhücum: Soyuducuların temperaturu 50 dərəcəyədək qaldırılır

Avropada supermarketlərə kiberhücum: Soyuducuların temperaturu 50 dərəcəyədək qaldırılır

Avropanın bir sıra ölkələrində supermarketlərin və digər müəssisələrin soyuducu sistemləri kiberhücumların hədəfinə çevrilib. Hücumlar nəticəsində ərzaq məhsullarının və tibbi vasitələrin yararsız hala düşməsi riski yaranıb.

Xəbəraxını xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 11-də Fransada yüzlərlə supermarket belə hücumlardan zərər çəkib. Noyabrın 2-də isə Belçika, İsveç, İrlandiya, Niderland və Estoniyada oxşar insidentlər qeydə alınıb. Həmçinin Fransanın qan banklarından birində istifadə olunan soyutma avadanlığına müdaxilə edildiyi barədə məlumatlar yayılıb.

Məlumata görə, kiberdələduzlar soyuducu və dondurucu sistemlərinə icazəsiz daxil olaraq avadanlıqları əridilmə rejiminə keçirir, bəzi hallarda isə temperaturu 50°C-dək yüksəldirlər. Hücumların əsasən gecə saatlarında həyata keçirilməsi müdaxilələrin səhərədək aşkarlanmamasına və məhsulların korlanmasına səbəb olur.

Hücumların əsas hədəfi internet üzərindən birbaşa idarə oluna bilən sistemlərdir. Risk altında olan avadanlıqlar arasında köhnəlmiş proqram təminatı ilə işləyən və istehsalçı dəstəyini itirmiş bəzi “Danfoss”, “Copeland” və “Dixell” modelləri də var.

İlkin qiymətləndirmələrə əsasən, təhlükəsizlik boşluqlarının yaranmasında standart şifrələrin dəyişdirilməməsi və proqram təminatının vaxtında yenilənməməsi mühüm rol oynayır.

Agentlik xəbərdarlıq edir ki, bu cür hücumlar yalnız maddi zərərlə nəticələnməyə bilər. Temperatur rejiminin pozulması avadanlıqların sıradan çıxmasına, yanğın riskinə, dərman və digər tibbi məhsulların saxlanma şəraitinin pozulmasına gətirib çıxara bilər.

MKA təşkilatlara aşağıdakı təhlükəsizlik tədbirlərini həyata keçirməyi tövsiyə edib:

  • İdarəetmə sistemlərinin internetə birbaşa çıxışını məhdudlaşdırmaq və uzaqdan girişi yalnız təhlükəsiz kanallarla təmin etmək;
  • Standart istifadəçi adları və şifrələri dəyişdirərək mürəkkəb, unikal giriş məlumatlarından istifadə etmək;
  • Proqram təminatını mütəmadi yeniləmək və istehsalçı dəstəyi dayandırılmış sistemləri əvəzləmək;
  • Sistemlərə girişləri və əməliyyatları davamlı izləmək;
  • Temperaturda kəskin dəyişikliklər barədə xəbərdarlıq mexanizmləri qurmaq və fövqəladə müdaxilə prosedurları hazırlamaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir