Prezident İlham Əliyev atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı sərəncam imzalayıb.
Xəbəraxını xəbər verir ki, bu barədə President.az məlumat yayıb.
Sərəncamın əsas məqsədi atmosfer havasının keyfiyyətini yaxşılaşdırmaq, çirklənmənin insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərini azaltmaq, eləcə də ölkənin iqlim hədəflərinin həyata keçirilməsini təmin etməkdir.
Sənədə əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyası 2028-2035-ci illəri əhatə edən Milli Fəaliyyət Planının layihəsini hazırlamalıdır. Layihə 2027-ci il noyabrın 1-dək Prezidentə təqdim edilməlidir.
Fəaliyyət planında atmosfer havasının mövcud vəziyyətinin və əsas çirklənmə mənbələrinin qiymətləndirilməsi, hava keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, zərərli tullantıların azaldılması və ekoloji standartların yenilənməsi nəzərdə tutulur.
Bundan başqa, qabaqcıl texnologiyaların tətbiqi, şəhərlərdə hava çirklənməsinin səviyyəsinə uyğun zonalaşdırma, yaşıl maliyyələşmə imkanlarının genişləndirilməsi və ictimaiyyətin hava keyfiyyəti barədə məlumatlara çıxışının yaxşılaşdırılması da planlaşdırılır.
Qeyd edək ki, sənəddə Paris Sazişi, COP29-un nəticələri və Azərbaycanın milli iqlim hədəflərinin də nəzərə alınması tapşırılıb.
