Noyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla yanaşı, gecə saatlarında bəzi şəhərətrafı ərazilərdə çiskin müşahidə oluna bilər.
Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxt və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Ərazidə şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16, gündüz isə 18-20 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75, gündüz 60-65 faiz arasında dəyişəcək.
Rayonlarda yağış, dağlıq ərazilərdə qar gözlənilir
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi ərazilərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı ehtimal edilir.
Bəzi yerlərdə şimşək çaxacağı və dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə duman müşahidə oluna bilər. Rayonlarda şərq küləyi əsəcək.
Gecə saatlarında havanın temperaturu 11-16, gündüz 18-22 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 5-10, gündüz isə 12-17 dərəcə isti qeydə alınacaq.
