Oktyabrın 30-da Azərbaycanda hava şəraiti bəzi ərazilərdə yağıntılı olacaq. Paytaxtda gecə və səhər saatlarında az yağış ehtimalı olduğu halda, rayonlarda intensiv yağış, şimşək və dolu gözlənilir.
Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Bununla belə, gecə və səhər bəzi yerlərdə az yağış yağa bilər.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Paytaxtda havanın temperaturu gecə 12-14, gündüz isə 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.
Rayonlarda hava necə olacaq?
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntı qısamüddətli intensiv xarakter daşıya, şimşək çaxa və dolu düşə bilər. Yüksək dağlıq ərazilərdə qar yağması ehtimalı var. Bəzi yerlərdə duman müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək.
Rayonlarda gecə 11-14, gündüz 16-19 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 0-5, gündüz 5-9 dərəcə isti olacağı proqnozlaşdırılır.
