Şəmkir rayonunda 13 il əvvəl baş vermiş qətl hadisəsi ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb və materiallar baxılması üçün məhkəməyə göndərilib.
Xəbəraxını xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə 5 avqust 2013-cü ildə baş verib. Həmin gün 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Faktla bağlı başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılıb.
Araşdırmalar nəticəsində 1989-cu il təvəllüdlü Xəyal Məmmədovun tamah məqsədilə qadının yaşadığı evə qanunsuz daxil olduğuna dair əsaslı şübhələr müəyyən edilib. İstintaq materiallarına əsasən, o, üzərindəki qatlanan cib bıçağı ilə Kifayət Məhərrəmovaya çoxsaylı xəsarətlər yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürüb.
Bundan sonra təqsirləndirilən şəxsin mənzildən ümumi dəyəri təxminən 3 min manat olan pul vəsaitini və qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşdığı bildirilir.
Cinayət işi üzrə ibtidai istintaq başa çatdırılaraq baxılması üçün məhkəməyə göndərilib.
