Azərbaycan vətəndaşlarını polis, bank və mobil operatorların əməkdaşları adı ilə aldadaraq pullarını mənimsəyən beynəlxalq kiberdələduzluq şəbəkəsi ifşa edilib. Şəbəkənin təşkilatçıları saxlanılaraq Azərbaycana gətirilib.
Xəbəraxını xəbər verir ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Ukrayna polisi ilə birgə əməliyyat keçirərək Ukraynadan idarə olunan mütəşəkkil kiberdələduzluq şəbəkəsinin fəaliyyətini dayandırıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, cinayətkar qrup Ukraynanın bir neçə şəhərində müxtəlif xidmət ofisləri adı altında fəaliyyət göstərən qanunsuz “Call Center”lər yaradıb. Şəbəkəyə yeni şəxslərin cəlb edilməsi üçün “Telegram” platformasında yüksək əməkhaqqı vəd edən iş elanları paylaşılıb.
Həmin mərkəzlərdə çalışan şəxslər xüsusi hazırlanmış danışıq ssenariləri əsasında Azərbaycan vətəndaşlarına zəng ediblər. Özlərini polis, digər hüquq-mühafizə orqanlarının, mobil operatorların, bankların və investisiya şirkətlərinin əməkdaşları kimi təqdim edən dələduzlar müxtəlif yalan məlumatlarla insanlarda qorxu yaradaraq pullarını ələ keçiriblər.
Vətəndaşlara bank hesablarında şübhəli əməliyyatların aparıldığı, kartlarının bloklanacağı və ya adlarından qanunsuz maliyyə əməliyyatlarının həyata keçirildiyi bildirilib. Bəzi hallarda isə yüksək gəlir vəd edən saxta investisiya təkliflərindən istifadə olunub.
Dələduzlar vətəndaşları pullarını guya təhlükəsiz hesablara köçürməyə, bank kartlarının məlumatlarını, SMS təsdiq kodlarını və digər məxfi şifrələrini açıqlamağa sövq ediblər.
Əməliyyat nəticəsində Kiyevdəki qanunsuz “Call Center”lərdə çalışan 11 nəfər saxlanılıb. Onların arasında beynəlxalq axtarışa verilmiş şəbəkə təşkilatçıları Nəriman İskəndərov, Elsun Əliyev, Elşad Musayev və Elşən Şükürov da olub. Həmin şəxslər Azərbaycana gətiriliblər.
Araşdırmalarla, həmçinin müəyyən edilib ki, Ruslan Zakirov, Yasəf Bayramov, Elsevər Məmmədov, Dmitri Duşin və Ruslan Matveyev dələduzluq yolu ilə əldə edilən pulların leqallaşdırılmasında iştirak ediblər. Onlar vəsaitləri bank kartlarında toplayıb, razılaşdırılmış faizlərini götürdükdən sonra qalan məbləği kriptovalyutaya çevirərək xaricə göndəriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb. Şəbəkənin əsas təşkilatçıları barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Digər saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.
DİN vətəndaşlara yüksək əməkhaqqı və asan qazanc vəd edən şübhəli iş təkliflərinə inanmamağı, bank kartı məlumatlarını və SMS təsdiq kodlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edib. Həmçinin şübhəli zənglər zamanı verilən məlumatların rəsmi mənbələrdən yoxlanılması və dələduzluq halları ilə bağlı dərhal polisə müraciət edilməsi çağırışı edilib.
