Noyabrın 4-də Azərbaycanda əsasən mülayim və yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin bəzi ərazilərdə duman, çiskin və qısamüddətli yağış müşahidə ediləcək.
Xəbəraxını xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti gözlənilsə də, səhər saatlarında bəzi yerlərdə duman və az çiskin müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi əsəcək.
Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 11-15, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla belə, gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək.
Rayonlarda havanın temperaturu gecə 11-15, gündüz 19-24 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 5-10, gündüz 13-18 dərəcə isti gözlənilir.
