Bakıda həyat yoldaşı Pərvanə Abbasovanı qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə onun barəsində 9 il 6 ay müddətinə həbs cəzası təyin edib.
Xəbəraxını xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə mərhumun iş yoldaşları olan müəllimələr şahid qismində ifadə veriblər. Pərvanə Abbasova Suraxanı rayonunda yerləşən 118 saylı orta məktəbdə texnologiya müəllimi işləyib.
Məhkəmə istintaqının yekunlaşmasından sonra dövlət ittihamçısı Vasif Abbasovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra hökm elan olunub və təqsirləndirilən şəxs 9 il 6 ay həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, hadisə 2026-cı il martın 20-də Bakının Hövsan qəsəbəsində baş verib. Bıçaq xəsarətləri alan Pərvanə Abbasova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qadının həyat yoldaşı, 43 yaşlı Vasif Zahid oğlu Abbasov şübhəli şəxs qismində saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.
