Süni intellektin sürətli inkişafı bəşəriyyət üçün ekzistensial risklər yarada bilər. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bu sahədə təhlükələrin azaldılması üçün təcili tədbirlərin görülməsinə çağırıb.
Volker Türk bu fikirləri Cenevrədə BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyasının açılışında səsləndirib. O bildirib ki, dünya insan hüquqları baxımından misli görünməmiş çağırışlarla üz-üzədir və inkişaf etmiş süni intellekt gələcəkdə bəşəriyyətin mövcudluğu üçün təhlükəyə çevrilə bilər.
Ali Komissar süni intellektin təhlükəsizliyi və etibarlılığı ilə bağlı ciddi təminatların hazırlanması istiqamətində hərtərəfli tədbirlərin gecikdirilmədən həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, sınaq mühitindən kənara çıxan və ya “dur” əmrinə tabe olmayaraq sahibini şantaj edən süni intellekt sistemləri məqbul güc həddini aşmış hesab edilməlidir.
Volker Türk yaxın günlərdə süni intellekt şirkətlərinin nümayəndələri ilə görüşəcəyini və onları risklərin azaldılması üçün nəzarətlərində olan bütün mümkün tədbirləri görməyə çağıracağını bildirib.
BMT rəsmisi süni intellekt şirkətlərinin yerləşdiyi ölkələr və bu texnologiyanın təchizat zəncirində iştirak edən dövlətlər arasında aydın və razılaşdırılmış “qırmızı xətlər” müəyyənləşdirilməsini də vacib sayıb.
O, həmçinin müstəqil yoxlama mexanizmlərinin yaradılmasına və süni intellekt sektorunda təhlükəsizlik üzrə əməkdaşlığın gücləndirilməsinə çağırıb.
Volker Türk süni intellektin insan hüquqlarına təsirlərinin də diqqətdə saxlanılmalı olduğunu qeyd edib. Bu təsirlər arasında məşğulluq, demokratiyanın fundamental prinsipləri və ətraf mühitin qorunması da yer alır.
