Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin vəfatından 9 il ötür.
Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olub. O, ibtidai təhsilini şəhərdəki 16 nömrəli məktəbdə alıb.
1932-ci ildə ailəsi ilə birlikdə İrana köçən Lütfi Zadə orta təhsilini Tehranda başa vurub və Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra 23 yaşında ABŞ-yə gedərək təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib.
Lütfi Zadənin elmi fəaliyyəti sonradan dünya elmində mühüm istiqamətlərin formalaşmasına səbəb olub. Onun qeyri-səlis məntiq nəzəriyyəsi qeyri-müəyyənliyin riyazi şəkildə ifadə edilməsinə imkan yaradıb və müxtəlif texnoloji sahələrdə geniş tətbiq olunub.
Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan” və “Honda” kimi şirkətləri qeyri-səlis məntiq texnologiyalarından məişət texnikası, foto və videokameralar, avtomobillər, qatarlar və sənaye proseslərinin idarə edilməsində istifadə ediblər.
Alim, həmçinin vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunması və müşahidəolunması nəzəriyyələri ilə müasir idarəetmə elminin inkişafına mühüm töhfələr verib. Onun digər elmi əsərləri sırasında “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi” və “Optimal süzgəclər nəzəriyyəsi” də yer alır.
Lütfi Zadənin elmi xidmətləri Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilib. 2011-ci ilin fevralında Prezident İlham Əliyevin sərəncamı ilə alim texnologiyaların inkişafına verdiyi töhfələrə və mədəniyyətlərarası dialoqun qurulmasındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunub.
2021-ci il yanvarın 21-də Prezident İlham Əliyev Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.
Lütfi Zadə 2017-ci il sentyabrın 6-da ABŞ-də 96 yaşında vəfat edib. Alimin vəsiyyətinə uyğun olaraq onun nəşi Azərbaycana gətirilib və I Fəxri xiyabanda dəfn olunub.
Görkəmli alimin irsi bu gün də araşdırılır. Onun adına müxtəlif elmi qurumlar yaradılıb, həyat və fəaliyyəti barədə kitablar yazılıb, sənədli film çəkilib.
