Hesablama Palatası Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2023–2025-ci illər üzrə fəaliyyətini yoxlayıb. Audit zamanı idarəetmə, akkreditasiya, xarici diplomların tanınması və dövlət vəsaitlərinin istifadəsi ilə bağlı bir sıra ciddi nöqsanlar üzə çıxıb.
Xəbəraxını xəbər verir ki, bu barədə Hesablama Palatasının məlumat verib
Auditin nəticələrinə görə, TKTA-nın fəaliyyətində sistemli problemlər qurumun effektivliyinə və maliyyə dayanıqlılığına mənfi təsir göstərib. Xarici kvalifikasiyaların tanınması istiqamətində aparılan işlər zamanı saxta diplomlar da müəyyən edilib.
Hesabatda qeyd olunub ki, agentliyin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi, eləcə də Akkreditasiya Şurasına icra orqanının rəhbərinin sədrlik etməsi maraqların toqquşması riskləri yaradıb. Qurumun müstəqilliyi ilə bağlı yerli və beynəlxalq standartlara uyğunsuzluqlar onun beynəlxalq akkreditasiya imkanlarını da məhdudlaşdırıb.
Akkreditasiya sahəsində normativ bazanın və meyarların bütün təhsil pillələrini əhatə etmədiyi, nəzərdə tutulan qrafiklərin icra olunmadığı, elektron sistemlərin yaradılmadığı bildirilib. Bəzi təhsil müəssisələrinin akkreditasiyasız fəaliyyət göstərdiyi, sənədləşdirmə və ekspert işində çatışmazlıqlar olduğu da vurğulanıb.
Xarici diplomların tanınması üzrə alternativ mexanizmlərin tam tətbiq edilməməsi və normativ aktların təkmilləşdirilməsinə ehtiyac müraciətlərə baxılma müddətlərinin uzanmasına səbəb olub. Qeyri-formal və informal təhsilin tanınması, ekspert potensialının idarə edilməsi və dövlət təhsil standartlarının yenilənməsi istiqamətlərində də problemlər aşkarlanıb.
Dövlət vəsaitlərinin istifadəsində də nöqsanlar müəyyən edilib. Hesablama Palatasının məlumatına əsasən, bəzi hallarda vəsaitlər təyinatına uyğun istifadə olunmayıb. Dövlət satınalmalarında əsasən bir mənbədən satınalma metoduna üstünlük verilməsi rəqabətli mühitin formalaşmasına mane olub. Müqavilələrin icrasına nəzarətin yetərli olmaması isə ödənilən vəsaitlə əldə olunan nəticələr arasında uyğunsuzluqlara gətirib çıxarıb.
Bundan başqa, uçot və hesabat işlərində nöqsanlar müəyyənləşdirilib. Agentliyin funksional fəaliyyətindən əldə etdiyi gəlirlərin xərcləri, xüsusilə əməkhaqqı xərclərini qarşılamaq üçün kifayət etmədiyi, xidmətlər üzrə mövcud gəlir potensialından tam istifadə olunmadığı bildirilib.
Auditin yekunları TKTA-nın idarəetmə modelinin, hüquqi bazasının, maliyyə idarəçiliyinin, akkreditasiya və xarici kvalifikasiyaların tanınması mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərib.
Hesablama Palatasının Kollegiya qərarına əsasən, auditor hesabatı nöqsanların aradan qaldırılması üçün Elm və Təhsil Nazirliyinə və TKTA-ya göndərilib. Maliyyə idarəçiliyi ilə bağlı müəyyən edilmiş hallar barədə Maliyyə Nazirliyinə, ekvivalenti olmayan tibb ixtisasları üzrə xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması ilə bağlı məsələlər barədə isə Səhiyyə Nazirliyinə məlumat verilməsi qərara alınıb.
