Kosmetik məhsul seçərkən onun təhlükəsizliyinə əmin olmaq üçün bir sıra məqamlara diqqət yetirmək vacibdir. Məhsulun gigiyenik sertifikatının olması, son istifadə tarixinin yoxlanılması və kosmetik vasitələrin başqaları ilə paylaşılmaması əsas tövsiyələr sırasındadır.
Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin həkim-gigiyenisti Orxan İsmayılov kosmetik məhsulların sertifikatlaşdırılması və onların təhlükəsizliyi ilə bağlı məsələlərə aydınlıq gətirib.
Onun sözlərinə görə, gigiyenik sertifikat məhsulun qüvvədə olan sanitariya qaydalarına və gigiyena normalarına uyğunluğunu, həmçinin insan sağlamlığı baxımından təhlükəsiz hesab edildiyini təsdiqləyən rəsmi sənəddir.
Nazirlər Kabinetinin 17 iyun 2016-cı il tarixli qərarı ilə təsdiqlənmiş “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”na əsasən, sanitariya nəzarətinə daxil olan qeyri-ərzaq məhsulları ölkəyə gətirilərkən gigiyenik sertifikatlaşdırmadan keçirilir.
Sertifikatlaşdırma zamanı sahibkar məhsula aid sənədləri və nümunələri Mərkəzə təqdim edir. İlkin mərhələdə sənədlər araşdırılır, daha sonra məhsulun qablaşdırılması, istehsal və buraxılış tarixi, mənşəyi, istehsalçısı və təqdim edilən sənədlərlə uyğunluğu yoxlanılır.
Tələblərə cavab verən məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilir. Sınaqlar çərçivəsində sanitariya-gigiyena, kimyəvi, toksikoloji və mikrobioloji göstəricilər araşdırılır.
Laboratoriya sınaq şöbəsinin Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS ISO/IEC 17025:2020 standartına uyğun akkreditasiya olunduğu bildirilib. Bu, laboratoriyada aparılan müayinələrin müvafiq beynəlxalq tələblərə uyğun və etibarlı şəkildə həyata keçirilməsini təsdiqləyir.
Mütəxəssis qeyd edib ki, kosmetik məhsulların mikrobioloji, kimyəvi və toksikoloji göstəricilərində normadan kənara çıxmalar insan sağlamlığı üçün həm qısamüddətli, həm də uzunmüddətli risklər yarada bilər.
Bu səbəbdən əsas məqsəd sanitariya tələblərinə cavab verməyən və insan sağlamlığı üçün təhlükə yarada biləcək məhsulların ölkəyə idxalının və satışa buraxılmasının qarşısını almaqdır.
