Bakının Qaraçuxur qəsəbəsində yerləşən “General Hospital” klinikası lisenziyasız tibbi fəaliyyət göstərdiyinə görə 20 min manat cərimələnib. Yoxlama zamanı müəssisənin özəl tibb fəaliyyəti üçün tələb olunan lisenziya olmadan işlədiyi müəyyən edilib.
Xəbəraxını xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsi “Seymur-M” MMC-yə məxsus tibb müəssisəsində plandankənar yoxlama aparıb. Aşkarlanan pozuntu ilə bağlı şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə protokol tərtib olunub. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə MMC 20 min manat məbləğində cərimələnib.
Qeyd edək ki, “Seymur-M” MMC və onun “General Hospital” klinikası daha əvvəl də cinayət işi ilə gündəmə gəlib. Baş Prokurorluğun sentyabrın 9-da yaydığı məlumata əsasən, şirkətin təsisçisi və direktoru, eyni zamanda klinikanın baş həkimi Rüstəm Mikayılov və Bakı şəhəri 42 nömrəli poliklinikanın keçmiş sahə həkimi Səmayə Əşrəfova barəsində ibtidai istintaq başa çatıb.
İstintaq materiallarına əsasən, onların 2017–2024-cü illərdə müxtəlif şəxslərdən rüşvət almaqla, müvafiq tibbi müayinələr aparılmadan əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə sənədlərin verilməsində və həmin sənədlər əsasında müavinətlərin ödənilməsində iştirak etdiklərinə dair əsaslı şübhələr müəyyən edilib. Həmçinin Rüstəm Mikayılovun rüşvət kimi əldə etdiyi vəsaitləri leqallaşdırdığı iddia olunur.
Rüstəm Mikayılova və Səmayə Əşrəfovaya Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham elan edilib. Hər iki şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hüquqi şəxs “Seymur-M” MMC barəsində də cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraata başlanılıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
