Keniyada Ebola təhlükəsi: İkinci yoluxma halı təsdiqləndi

Keniyada Ebola təhlükəsi: İkinci yoluxma halı təsdiqləndi

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb. Yeni yoluxma ölkədə bu infeksiyadan ilk ölüm hadisəsindən bir həftə sonra təsdiqlənib.

Xəbəraxını xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Keniyanın Səhiyyə Nazirliyinin açıqlamasına görə, virusa yoluxan 39 yaşlı şəxs xəstəlikdən həyatını itirən ilk pasiyentin yaxınlarından biridir. O, dərhal təcrid edilib və hazırda ciddi tibbi nəzarət altında saxlanılır.

Nazirlik iki yoluxma halının bir-biri ilə əlaqəli olduğunu bildirib. Rəsmi qurumun məlumatına görə, ölkədə virusun daha geniş yayıldığını göstərən hər hansı sübut yoxdur.

Ebola virusundan ölən ilk Keniya vətəndaşı son yeddi il ərzində Konqo Demokratik Respublikasında yaşayıb. Təxminən bir ay əvvəl onda infeksiya aşkarlanıb. Müxtəlif tibb müəssisələrində müalicə alan şəxs daha sonra quru yolu ilə Uqandanın paytaxtı Kampalaya, oradan isə təyyarə ilə Keniyanın paytaxtı Nayrobiyə gedib.

Keniyanın səhiyyə orqanları virusun yayılmasının qarşısını almaq üçün təcili tədbirlər həyata keçirir. İlk xəstə ilə təmasda olmuş 128 nəfərdən 113-nün yeri müəyyən edilib, onlardan 108-i karantinə alınıb. Digər beş nəfərin hazırda ölkə xaricində olduğu bildirilir. Qalan 15 nəfərin tapılması istiqamətində axtarışlar davam edir.

Bununla yanaşı, yeni yoluxma ehtimalına qarşı ölkənin sərhəd-keçid məntəqələrində yoxlamalar gücləndirilib, səhiyyə qurumlarının hazırlıq səviyyəsi artırılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir