Cəlilabad rayonunda 2019-cu ildə itkin düşən şəxsin qəsdən öldürüldüyü müəyyən edilib. Cinayəti törətməkdə əsaslı şübhəli bilinən şəxs saxlanılıb.
Məlumata görə, 2019-cu ilin aprel ayında Cəlilabad rayonunun Göytəpə şəhər sakini Nadir Bahadır oğlu Məmmədovun həmin ilin martında yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmaması ilə bağlı polisə müraciət daxil olub.
Bununla əlaqədar Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nadir Məmmədovun axtarılması istiqamətində zəruri araşdırma və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Toplanmış materiallar əsasında 8 avqust 2019-cu ildə Cəlilabad Rayon Prokurorluğunda cinayət işi başlanılıb. İbtidai istintaq çərçivəsində çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri aparılsa da, Nadir Məmmədovun harada olduğu müəyyən edilməyib. Bu səbəbdən cinayət işi üzrə icraat sonuncu dəfə 18 oktyabr 2022-ci ildə dayandırılıb.
Sonrakı dövrdə Cəlilabad Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilib. Toplanmış sübutların qarşılıqlı və hərtərəfli təhlili nəticəsində Nadir Məmmədovun itkin düşməsinin qəsdən adam öldürmə ilə əlaqəli olduğu müəyyənləşdirilib.
İbtidai istintaqla Nadir Məmmədovun əvvəldən tanıdığı, 1959-cu il təvəllüdlü Ramiz Dadaş oğlu Ələkbərov tərəfindən qisas məqsədilə öldürülməsinə əsaslı şübhələr yaranıb.
İstintaqın məlumatına əsasən, 23 aprel 2019-cu ildə Nadir Məmmədovun spirtli içkinin təsiri altında olmasından istifadə edən Ramiz Ələkbərov onu Göytəpə şəhərində idarə etdiyi avtomobilə mindirib. Daha sonra onu Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə aparıb.
Həmin gün saat 22 radələrində Ramiz Ələkbərov avtomobildə olan Nadir Məmmədovu boğaraq öldürüb. Daha sonra törətdiyi cinayəti gizlətmək məqsədilə meyiti həyətyanı sahədə yerləşən istifadəsiz su quyusuna atıb.
20 sentyabr 2026-cı ildə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə tövsif edilib.
Ramiz Ələkbərov həmin gün cinayət işi üzrə şübhəli şəxs qismində tutulub. O, müdafiəçisinin iştirakı ilə dindirilərkən elan olunmuş ittiham üzrə ifadə verib və cinayəti törətdiyini etiraf edib.
Bundan sonra onun iştirakı ilə hadisə yerinə baxış keçirilib. Ramiz Ələkbərovun göstərdiyi istifadəyə yararsız su quyusunda qazıntı işləri aparılıb. Qazıntı zamanı insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar edilərək götürülüb.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması, eləcə də itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər davam etdirilir.
