Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan millisinin daha 3 üzvü 1/4 final mərhələsinə vəsiqə qazanıb.
50 kq çəki dərəcəsində çıxış edən Sübhan Mamedov 1/8 final görüşündə Albaniya təmsilçisi Emanuel Koça ilə üz-üzə gəlib. Qarşılaşma 5:0 hesabı ilə (30:27, 30:26, 30:27, 30:27, 30:27) Azərbaycan boksçusunun xeyrinə başa çatıb. Dünya çempionu növbəti mərhələdə Macarıstan idmançısı İştvan Szaka ilə qarşılaşacaq.
65 kq çəki dərəcəsində mübarizə aparan Malik Həsənov da 1/4 finala adını yazdırıb. Avropa çempionatının mükafatçısı ikinci döyüşündə Bolqarıstan təmsilçisi Rumen Rumenovu mübarizədən kənarlaşdırıb. Həsənov ilk raundda tam üstünlüklə qələbə qazanıb. Onun 1/4 finaldakı rəqibi Ukraynanı təmsil edən Elvin Əliyev olacaq.
+90 kq çəki dərəcəsində yer alan Məhəmməd Abdullayev isə 1/8 final mərhələsində Moldovadan olan Nikolay Burdiujanı məğlub edib. Dünya Kubokunun qalibi rəqibinə üçüncü raundda tam üstünlüklə qalib gəlib. Abdullayev növbəti görüşündə Norveç təmsilçisi Omar Şiha ilə üz-üzə gələcək.
Hər üç boksçunun 1/4 final görüşləri sentyabrın 22-də keçiriləcək.
Qeyd edək ki, sentyabrın 25-də başa çatacaq Avropa çempionatında daha əvvəl Azərbaycan millisinin 2 üzvü də 1/4 finala yüksəlib.
