Türkiyədə tütünlə mübarizə çərçivəsində hazırlanan yeni qanun layihəsində 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsi təklif olunur.
“Xəbəraxını” xəbər verir ki, bu barədə qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüder Anadolu Agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, layihədə “slim”, yəni nazik siqaretlərin satışının dayandırılması da təklif edilir.
Ergüder Türkiyədə siqaret satışının son illərdə artdığını qeyd edib. Onun sözlərinə görə, 2012-ci ildə təxminən 91 min ton və 4,5 milyard paket olan siqaret satışı 2025-ci ildə 160 min tona və 8 milyard paketə çatıb.
Qeyd edək ki, daha əvvəl Ədalət və İnkişaf Partiyasının (AKP) tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edəcəyi bildirilib.
Ümumilikdə, layihə 2040-cı il yanvarın 1-dən etibarən tütün məhsullarının bazardan tamamilə çıxarılmasını hədəfləyir.
