Türkiyənin Adana şəhərində xəstəxananın anbarından külli miqdarda dərman oğurlanması ilə bağlı araşdırma aparılır.
Hadisə Sarıçam rayonunda yerləşən Çukurova Universiteti Tibb Fakültəsi Balcalı Xəstəxanasının radiologiya şöbəsində baş verib. Anbardan ümumi dəyəri 15 milyon lirə (təxminən 750 min manatdan çox) olan dərmanların itdiyi müəyyənləşdirilib.
Məlumata görə, anbara cavabdeh Cengiz Saylık illik məzuniyyətə çıxdıqdan sonra onun vəzifəsi müvəqqəti olaraq S.A.B. adlı əməkdaşa həvalə olunub. Yeni məsul şəxs tərəfindən aparılan sayım zamanı anbarda külli miqdarda dərman çatışmazlığı aşkarlanıb.
Xəstəxana rəhbərliyi məsələ ilə bağlı araşdırmaya başlayıb. Bu zaman Cengiz Saylıkla əlaqə saxlamaq mümkün olmayıb və hadisə barədə polisə məlumat verilib.
Polis tərəfindən saxlanılan Saylık dindirmə zamanı dərmanların bir hissəsini oğurladığını etiraf edib. O, borcları olduğunu və borclu olduğu şəxslər tərəfindən təhdid edildiyini bildirib. Şübhəlinin sözlərinə görə, anbardan təxminən 2 milyon lirə dəyərində dərman çıxararaq satıb. Dərmanların qalan hissəsinin taleyi barədə isə məlumatının olmadığını deyib.
İstintaq tədbirlərindən sonra məhkəməyə çıxarılan Cengiz Saylık barəsində həbs qətimkan tədbiri seçilib.
