ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxın vaxtlarda görüş keçirməyə ümid etdiyini bildirib. O, Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunduğunu iddia edib.
Xəbəraxını xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Tramp Texas səfərindən qayıdarkən Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırıb. ABŞ lideri Rusiya və Ukrayna ilə bağlı danışıqlarda mühüm irəliləyişin olduğunu və yaxın zamanda görüş təşkil ediləcəyini düşündüyünü deyib.
Görüşdə hansı şəxslərin iştirak edəcəyi ilə bağlı suala cavab verən Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə bir araya gəlməyi nəzərdə tutduğunu bildirib.
Hələlik görüşün dəqiq tarixi və keçiriləcəyi yer barədə məlumat açıqlanmayıb.
