Şəkidə “Zipline” faciəsi ilə bağlı cinayət işi açılıb

Şəkidə “Zipline” faciəsi ilə bağlı cinayət işi açılıb

Şəki rayonunun Baş Küngüt kəndində yerləşən “Şəki yaylası” istirahət mərkəzində iki şəxsin ölümü ilə nəticələnən hadisə ilə bağlı cinayət işi başlanıb.

Hadisə sentyabrın 8-də baş verib. İlkin araşdırmaya əsasən, 1999-cu il təvəllüdlü Ucal Asif oğlu Bayramov və 1995-ci il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədzadə “Zipline” əyləncəsindən istifadə edərkən kanat sisteminin bərkidildiyi metal konstruksiya deformasiyaya uğrayıb. Nəticədə əsas mexaniki qurğu kanatdan çıxıb və əlavə təhlükəsizlik avadanlığı zədələnib.

Hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində həyatını itirib.

Hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi, texniki-təhlükəsizlik və digər ekspertizalar təyin olunub. Bununla yanaşı, zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq davam etdirilir.

Hazırda hadisənin başvermə səbəbləri və şəraiti, “Zipline” qurğusunun texniki vəziyyəti, istismarının təhlükəsizlik tələblərinə uyğunluğu və digər hallar araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir