Azərbaycanın Mərkəzi Asiya və Hindistanla əlaqələrində yeni mərhələ – mühüm mesajlar

Azərbaycanın Mərkəzi Asiya və Hindistanla əlaqələrində yeni mərhələ – mühüm mesajlar

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı siyasi dialoqdan nəqliyyat-logistika, enerji, ticarət və təhlükəsizlik sahələrinə qədər genişlənir. Eyni zamanda, Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Bakıya səfəri iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar yaradır.

Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycanın regional əməkdaşlıq siyasəti şərh edilərkən bildirilib.

Azərbaycanın müstəqil siyasi və iqtisadi kursu, eləcə də inkişaf etmiş infrastrukturu Mərkəzi Asiya ölkələrinin resurslarının beynəlxalq bazarlara çıxarılması baxımından mühüm imkanlar yaradır. Xəzər dənizi üzərindən nəqliyyat əlaqələrinin genişləndirilməsi və Orta Dəhlizin potensialından daha səmərəli istifadə regionlar arasında iqtisadi inteqrasiyanı gücləndirir.

Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı etimad və ortaq maraqlar əməkdaşlığın əsasını təşkil edir. Beynəlxalq platformalarda siyasi dialoqun genişlənməsi, strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi və enerji sahəsində birgə təşəbbüslər regional əlaqələrin inkişafına töhfə verir.

Azərbaycanın yaşıl enerji sahəsində əməkdaşlıq imkanları da diqqət çəkir. Azərbaycanın enerji infrastrukturu ilə Mərkəzi Asiya ölkələrinin resurs potensialının uzlaşdırılması regionun enerji təhlükəsizliyini və iqtisadi dayanıqlığını gücləndirə bilər.

Oktyabrda Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə görüşünün də mühüm əhəmiyyət daşıdığı bildirilib. Azərbaycanın sədrliyinin 2028-ci ilədək uzadılması ölkəmizə göstərilən etimadın ifadəsidir. Azərbaycanın dövlətlərlə münasibətlərdə suverenlik, ərazi bütövlüyü, daxili işlərə qarışmamaq və qarşılıqlı hörmət prinsiplərini əsas götürdüyü qeyd edilib.

Hindistanla münasibətlərdə yeni imkanlar

Azərbaycanla Hindistan arasında son dövrdə müəyyən soyuqluq müşahidə olunsa da, yüksək səviyyəli təmasların münasibətlərin inkişafına yeni təkan verə biləcəyi bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Hindistanın Baş naziri Narendra Modi ilə Bişkekdə keçirdiyi görüş, eləcə də Hindistanın dövlət naziri Kirti Vardhan Sinqhin AQEM-in Bakıdakı sammitində iştirakı ikitərəfli əlaqələr baxımından əhəmiyyət daşıyır.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Azərbaycana səfəri zamanı nazirin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi və xarici işlər naziri Ceyhun Bayramovla görüşü iki ölkə arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından vacib olub.

Prezident İlham Əliyevlə görüşdə siyasi, iqtisadi-ticari, yüksək texnologiyalar, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və müxtəlif səviyyələrdə təmasların intensivləşdirilməsi məsələləri diqqət mərkəzində olub.

Ceyhun Bayramovla görüşdə isə investisiya, ticarət, təhsil, turizm, mədəniyyət, regional təhlükəsizlik, nəqliyyat-logistika, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və birbaşa aviareyslərin artırılması kimi məsələlər müzakirə edilib. Hindistanın Şimal-Cənub və Orta Dəhliz üzərində yerləşən nəqliyyat bağlantılarına marağı da diqqət çəkən mövzulardan olub.

Azərbaycanla Hindistan arasında qarşılıqlı hörmətə, bərabərhüquqluluğa və qarşılıqlı faydaya əsaslanan münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına uyğundur. Cayşankarın səfərindən sonra siyasi təmasların və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi üçün imkanların artacağı bildirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir