Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində ailə üzvləri də şahid qismində dindirilib. Onun oğlu Timur Mehdiyevin istintaqa verdiyi ifadənin bəzi detalları açıqlanıb.
Xəbəraxını “Gununsesi.info”ya istinadən verdiyi məlumata görə, Timur Mehdiyev ifadəsində atasının bir sıra xəstəliklərdən əziyyət çəkdiyini və yaddaş pozğunluğu olduğunu bildirib.
O, istintaqa deyib ki, atası bəzən öz hərəkət və davranışlarının fərqində olmur, nə dediyini və hansı addımları atdığını anlamır. Timur Mehdiyev bu səbəbdən atasının ittiham olunduğu məsələlərlə bağlı konkret məlumatının olmadığını söyləyib.
Qeyd edək ki, Ramiz Mehdiyev dövlət hakimiyyətini qanunsuz yolla ələ keçirməyə yönəlmiş hərəkətlər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri ilə ittiham olunur.
Sabiq Prezident Administrasiyası rəhbərinin işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
