Pensiyalar yeni qayda ilə hesablanacaq – Aylıq əlavələr kimlərə veriləcək?

Pensiyalar yeni qayda ilə hesablanacaq – Aylıq əlavələr kimlərə veriləcək?

Azərbaycanda bəzi kateqoriyalardan olan şəxslərin pensiya təminatı mexanizminin dəyişdirilməsi nəzərdə tutulur. Yeni yanaşmaya əsasən, pensiya məbləğləri fərdi hesablarda toplanan pensiya kapitalı əsasında müəyyən ediləcək, müəyyən qruplara isə əlavə aylıq ödənişlər veriləcək.

Xəbəraxını xəbər verir ki, dəyişikliklər dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların və səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təminatını əhatə edir.

Yeni mexanizmə əsasən, dövlət qulluqçularının pensiya məbləği ilə əməkhaqqı arasındakı əlaqənin aradan qaldırılması və pensiyanın fərdi hesabda qeydə alınmış pensiya kapitalı əsasında hesablanması nəzərdə tutulur. Bununla yanaşı, qulluq stajına görə əvvəlki əlavə əvəzinə aylıq pensiya əlavəsinin tətbiqi planlaşdırılır.

Dövlət qulluqçularına veriləcək aylıq əlavənin məbləği tutduqları vəzifənin inzibati təsnifatına uyğun müəyyən ediləcək. Səlahiyyət müddətinə görə pensiya alan şəxslər üçün isə əlavələr konkret vəzifələr üzrə sabit məbləğdə nəzərdə tutulur.

Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların pensiyaları da yeni qayda ilə hesablanacaq. Belə ki, pensiya məbləğinin son təminat xərcliyindən asılılığı aradan qaldırılaraq fərdi hesabda toplanan pensiya kapitalı əsas götürüləcək. Onlara hərbi rütbələr üzrə müəyyən edilən sabit məbləğdə aylıq pensiya əlavəsi verilməsi nəzərdə tutulur.

Bundan başqa, əmək pensiyalarının və pensiya kapitallarının indeksləşdirilməsi mexanizminin də təkmilləşdirilməsi təklif olunur. Yeni yanaşmaya əsasən, yüksək məbləğli pensiyalara və pensiya kapitallarına diferensial qaydada yanaşılacaq, aşağı məbləğli pensiya və kapitalların isə əvvəlki kimi tam həcmdə indeksləşdirilməsi nəzərdə tutulur.

Dəyişikliklərin məqsədi pensiya təminatında vahid sığorta prinsiplərini gücləndirmək, sistemin maliyyə dayanıqlığını artırmaq və aşağı məbləğli pensiyaların yüksəldilməsi üçün imkanları genişləndirməkdir.

Qeyd edək ki, qanun layihəsi parlamentdə üçüncü oxunuşda qəbul edilib. Dəyişikliklərin tətbiq müddəti və konkret aylıq əlavələrin məbləğləri müvafiq hüquqi aktlarla müəyyənləşdiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir