Polşada separatçı rejimin simvolu olan materialın satışı dayandırılıb

Polşada separatçı rejimin simvolu olan materialın satışı dayandırılıb

Polşada istehsal olunan məhsullardan birinin üzərində artıq ləğv edilmiş separatçı rejimin simvolunun təsvir edildiyi çap materialının satışda olması müəyyənləşdirilib.

Məsələ barədə yerli Azərbaycan diaspor nümayəndələrinin sosial şəbəkələrdə paylaşım etməsindən sonra Azərbaycanın Polşadakı səfirliyi tərəfindən materialın istehsalının dayandırılması və satışdan çıxarılması istiqamətində tədbirlər görülüb.

Səfirlik “məhsulun” istehsalı və satışı ilə məşğul olan “Henry” şirkətinin direktoru Çezare Popiel ilə əlaqə saxlayaraq, məsələyə görə Azərbaycanın kəskin etirazını çatdırıb. Şirkət rəhbəri məsələdən sosial şəbəkələr vasitəsilə xəbərdar olduğunu bildirib və yol verilmiş yanlışlığa görə üzr istəyib. O, həmin məhsulun istehsal və satışının dayandırılması barədə qərar qəbul edildiyini qeyd edib.

Səfirliyin təklifi ilə Çezare Popiel məsələ ilə bağlı diplomatik nümayəndəliyə yazılı məlumat da göndərib. Məktubda qeyd olunub ki, sözügedən təsvirin çap materiallarında istifadəsi məqsədli və ya qəsdən həyata keçirilməyib, bu hal çapın hazırlanması zamanı “insan amili” nəticəsində baş verib.

Şirkət rəhbəri məktubunda məhsulun satışının tam dayandırıldığını, anbarda qalan və müştərilərdən geri qaytarılan bütün nüsxələrin dövriyyədən çıxarılaraq məhv ediləcəyini bildirib. Həmçinin gələcək çap materiallarında həmin təsvirin istifadəsinin qarşısının alınması üçün müvafiq düzəlişlərin edildiyi qeyd olunub.

Çezare Popiel Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini də vurğulayıb.

Azərbaycanın Polşadakı səfirliyi məsələni aşkar edən, sosial şəbəkələrdə bununla bağlı məlumat yayaraq hər iki ölkə ictimaiyyətinin diqqətini cəlb edən və aidiyyəti ünvanlara müraciətlər edən Azərbaycan diaspor nümayəndələrinə təşəkkür edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir