“Piter Elçin”in qardaşının qətlində təqsirləndirilən şəxslə bağlı qərar ləğv edildi

“Piter Elçin”in qardaşının qətlində təqsirləndirilən şəxslə bağlı qərar ləğv edildi

Kriminal aləmdə “Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovun qətlində təqsirləndirilən Murad Quluzadə ilə bağlı məhkəmə qərarı ləğv edilib. İşə yenidən apellyasiya instansiyasında baxılacaq.

Xəbəraxını xəbər verir ki, bu barədə Pravda.az məlumat yayıb.

Ali Məhkəmədə keçirilən iclasda kassasiya şikayəti üzrə qərar elan olunub. Qərara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin əvvəlki qərarı tamamilə ləğv edilib və cinayət işi yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılıb.

İttiham materiallarına əsasən, hadisənin kökündə 2012-ci ildə Moskvada baş verən başqa bir qətl dayanır. Həmin il sentyabrın 26-da Murad Quluzadənin əmisi oğlu Amil Quliyev öldürülüb. M.Quluzadə bu hadisədə Lənkəranın Boladi kəndindən olan, 1979-cu il təvəllüdlü Fariz İsmayılovun əli olduğunu düşünüb və qisas almaq qərarına gəlib.

İttihama görə, Fariz İsmayılovu izləyən Murad Quluzadə onun mağazaya daxil olduğunu gördükdən sonra sürücüsü olan qohumu Xəyal Quluzadəni başqa yerə göndərmək bəhanəsi ilə mağazaya yollayıb. Daha sonra F.İsmayılov mağazadan çıxıb avtomobilinə əyləşərkən ona avtomatik odlu silahla hücum edib və 24 dəfə atəş açıb. Fariz İsmayılov aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

İstintaq Murad Quluzadəyə Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, eləcə də qanunsuz silah əldə etmə və saxlama ilə bağlı maddələri üzrə ittiham irəli sürüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi ilkin olaraq əməli daha yüngül maddə ilə tövsif edərək Murad Quluzadəni 14 il müddətinə azadlıqdan məhrum edib. Prokuror cəzanın ağırlaşdırılmasını, təqsirləndirilən şəxs isə yüngülləşdirilməsini istəyərək apellyasiya şikayətləri verib. Şirvan Apellyasiya Məhkəməsi hər iki müraciəti təmin etməyib.

Daha sonra prokuror Ali Məhkəməyə kassasiya protesti ilə müraciət edib. Ali Məhkəmə protesti təmin edərək apellyasiya qərarını ləğv edib və işin yenidən araşdırılmasına qərar verib. Sonrakı apellyasiya baxışında prokurorun tələbi təmin olunub, Murad Quluzadənin cəzası bir il artırılaraq 15 ilə çatdırılıb.

Qeyd edək ki, Fariz İsmayılovun üç qardaşı olub. Onların böyüyü kriminal aləmdə “Piter Elçin” kimi tanınan Elçin İsmayılovdur. Dörd qardaşdan ikisi qətlə yetirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir