Özbəkistanda latın qrafikası əsasında istifadə olunan özbək əlifbasına dəyişiklik edilib. Yeni qaydalara əsasən, bir sıra hərflərin yazılışı yenilənəcək, bəzi hərf birləşmələri isə fərqli işarələrlə əvəz olunacaq.
Xəbəraxını xəbər verir ki, Özbəkistan Senatı özbək əlifbasının təkmilləşdirilməsini nəzərdə tutan qanun dəyişikliyini təsdiqləyib.
Dəyişikliyə əsasən, O‘ hərfi Ö, G‘ hərfi Ğ, “Sh” birləşməsi Ş, “Ch” birləşməsi isə Ç ilə əvəz olunacaq. “Ng” birləşməsi əlifbada müstəqil hərf statusunu itirəcək, apostrof işarəsi isə saxlanılacaq.
Yeniliklərin əsas məqsədi özbək dilində yazı qaydalarını sadələşdirmək, mətnlərin kompüter və digər rəqəmsal vasitələrdə yazılmasını asanlaşdırmaqdır.
Qeyd edək ki, qanun qüvvəyə minənədək mövcud əlifba ilə hazırlanmış sənədlər, milli valyuta və qiymətli kağızlar hüquqi qüvvəsini saxlayacaq. Rəsmi qurumların lövhə və göstəricilərindən də müəyyən edilmiş qaydalar çərçivəsində istifadə davam etdirilə biləcək.
