Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala yüksəlib.
Xəbəraxını xəbər verir ki, bu barədə 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda rusiyalı Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu Sergey Yemelinlə qarşılaşıb. Gərgin keçən görüş 2:2 hesabı ilə yekunlaşıb. Xalların keyfiyyətinə görə üstün olan Nihat Məmmədli finala vəsiqə qazanıb.
Güləşçimiz sabah dünya çempionatının qızıl medalı uğrunda mübarizə aparacaq.
Digər Azərbaycan təmsilçisi Həsrət Cəfərov isə yarımfinalda məğlub olduğundan bürünc medal uğrunda görüşə çıxacaq.
Bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi də çempionatda mübarizəyə başlayıb. Nihat Məmmədli (63 kq) ABŞ təmsilçisi Xavyer Consonla, İslam Abbasov (87 kq) türkiyəli Ali Cengizlə qarşılaşıb, Həsrət Cəfərov (67 kq) isə ilk görüşdən azad olub. Murad Əhmədiyev (97 kq) təsəlliverici görüşdə avstriyalı Markus Raqqinqerlə üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatı noyabrın 1-də başa çatacaq. Azərbaycan yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) artıq qızıl medal qazanıblar.
