Mirziyoyevdən İlham Əliyevə Zəfər Günü təbriki: “Tarixi ədalət bərpa olundu”

Mirziyoyevdən İlham Əliyevə Zəfər Günü təbriki: “Tarixi ədalət bərpa olundu”

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təbrik məktubu ünvanlayıb.

Xəbəraxını xəbər verir ki, təbrik məktubunda Mirziyoyev Azərbaycan xalqının bayramını səmimi-qəlbdən təbrik edərək ən xoş arzularını çatdırıb.

Özbəkistan Prezidenti məktubunda altı il əvvəl Azərbaycanın tarixi ədaləti bərpa etdiyini və ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb. O, bu nəticənin əldə olunmasında İlham Əliyevin rəhbərliyini, ölkənin siyasi, diplomatik və hərbi potensialının səfərbər edilməsini, eləcə də Azərbaycan xalqının qəhrəmanlıq və mətanətini xüsusi qeyd edib.

Mirziyoyev bildirib ki, Zəfər Günü Azərbaycanın sülh, sabitlik və davamlı tərəqqi yolunda inkişafına, gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə xidmət edəcək.

Məktubda Azərbaycan və Özbəkistan arasında münasibətlərə də toxunulub. Şavkat Mirziyoyev bu il Bakı, Daşkənd və Buxarada İlham Əliyevlə keçirilən görüşləri, aparılan danışıqları və əldə olunan razılaşmaları ikitərəfli əlaqələrdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.

O, xüsusilə Əbədi Dostluq haqqında Müqavilənin imzalanmasının iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafı baxımından mühüm addım olduğunu vurğulayıb.

Özbəkistan Prezidenti birgə səylər nəticəsində Azərbaycan və Özbəkistan arasındakı əlaqələrin daha da dərinləşəcəyinə əminliyini ifadə edib, İlham Əliyevə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir