Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirov ölkəmizə ekstradisiya olunublar.
Xəbəraxını xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsində araşdırılan cinayət işi üzrə Tahir Ayralov qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə yaşayış sahəsinə və digər obyektlərə qanunsuz daxil olmaqla təkrar oğurluq törətməkdə şübhəli bilinir.
Miryusif Qədirov isə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətməkdə ittiham olunur.
Hər iki şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib. İstintaqdan yayınaraq gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Gürcüstan ərazisində saxlanılan şəxslərin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatətləri bu ölkənin Ədliyyə Nazirliyi tərəfindən təmin edilib. Onlar müvafiq qurumlar tərəfindən Azərbaycana gətiriliblər.
