Qambiyadan Kanar adalarına keçməyə çalışan 80-dən çox miqrant, o cümlədən körpə həyatını itirib.
Məlumata görə, miqrantları daşıyan qayıq sentyabrın 2-də axşam saatlarında Qran-Kanariya adasından təxminən 120 kilometr məsafədə aşkarlanıb.
Xilasedicilər qayıqda 44 nəfərin sağ qaldığını müəyyənləşdirib. Hadisə yerində beş nəfərin meyiti də aşkarlanıb. Əlverişsiz hava şəraiti və sağ qalanlara təcili tibbi yardımın göstərilməsi zərurəti səbəbindən meyitlər qayıqda saxlanılıb.
Hadisə nəticəsində altı nəfər xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilib və həmin şəxslər helikopterlə təxliyə olunub.
Sağ qalanların sözlərinə görə, qayıq Qambiyadan yola çıxarkən onun göyərtəsində 100-dən çox insan olub. Onlar keçid zamanı çox sayda miqrantın həyatını itirdiyini bildiriblər.
