Buraxılış və qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə etməklə köməklik göstərməkdə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Xəbəraxını xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.
Kamran Əsədov ona elan olunan ittihamı qəbul etmədiyini, Gündüz Abbasov isə özünü qismən təqsirli bildiyini deyib.
Daha sonra çıxış edən dövlət ittihamçısı Kamran Əsədovun 3 il, Gündüz Abbasovun isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi noyabrın 20-də davam etdiriləcək.
Qeyd edək ki, cinayət işi ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak edən şəxslərə qanunsuz texniki vasitələrlə köməklik göstərilməsi faktları üzrə başlanıb.
İbtidai istintaq zamanı müəyyən edilib ki, Gündüz Abbasovun təşkil etdiyi hazırlıq kursunun şagirdlərinə imtahanlarda testləri cavablandırmaqda kömək etmək məqsədilə gizli informasiya əldə etmək üçün nəzərdə tutulan texniki vasitələr hazırlanıb və qanunsuz istifadə edilib. İstintaqın məlumatına görə, Kamran Əsədovla cinayət əlaqəsinə girən Gündüz Abbasov 3 nəfərə, şəxsən isə daha 8 nəfərə həmin vasitələrin quraşdırılmasına kömək edib.
Bundan başqa, Sumqayıtda Sənan Hüseynovun xüsusi icazə olmadan gizli informasiya əldə etmək üçün nəzərdə tutulan 31 texniki vasitəni satdığı müəyyən edilib.
Toplanmış sübutlar əsasında Gündüz Abbasova Cinayət Məcəlləsinin 302.3 və 308.1-ci, Kamran Əsədova 302.3 və 32.5, 308.1-ci maddələri ilə ittiham irəli sürülüb. Sənan Hüseynov da 302.3-cü maddə ilə təqsirləndirilir.
Məlumatda o da qeyd olunub ki, Kamran Əsədov 2015-ci ildə başqa cinayət işi üzrə məhkum edilib. Həmin vaxt məhkəmənin hökmü ilə ona 2 il müddətinə islah işləri və əlavə cərimə cəzası təyin olunub.
