Türkiyənin İstanbul şəhərində güclü leysan yağışlarının səbəb olduğu sel fəlakəti can almaqda davam edir. Təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı altıya yüksəlib.
Xəbəraxınının İHA agentliyinə istinadən verdiyi məlumata görə, şəhərin Pendik rayonunda sel sularının avtomobili aparması nəticəsində itkin düşən iki nəfərdən birinin meyiti tapılıb.
Hadisə zamanı avtomobildə olan üç nəfərdən biri şüşəni sındıraraq ağac budağından yapışıb və xilas olmağı bacarıb. Digər iki nəfər isə güclü su axınına düşüb. Axtarış-xilasetmə əməliyyatı zamanı onlardan birinin cəsədi aşkarlanıb. İkinci itkin şəxsin axtarışları davam etdirilir. Həlak olan şəxsin kimliyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, oktyabrın 14-dən etibarən davam edən anomal leysan yağışları İstanbulda son 83-84 ilin ən şiddətli sel fəlakətlərindən birinə səbəb olub.
