Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi keçirilib.
Xəbəraxını xəbər verir ki, mərasim zamanı hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca hökumətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Hun Manet fəxri qarovul dəstəsinin rəisi tərəfindən salamlanaraq raport qəbul edib.
Daha sonra Azərbaycanın və Kambocanın dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsi hərbi marşın müşayiəti ilə Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin qarşısından keçib.
Tədbirin davamında Azərbaycan nümayəndə heyətinin üzvləri Kambocanın Baş nazirinə, Kamboca nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olunublar.
