Xəzər rayonunda nöqsanlara görə vəzifəli şəxslər cəzalandırıldı

Xəzər rayonunda nöqsanlara görə vəzifəli şəxslər cəzalandırıldı

Bakının Xəzər rayonunda abadlıq, yaşıllaşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı çatışmazlıqlar müzakirə olunub. Aşkarlanan nöqsanlara görə bir sıra vəzifəli şəxslər barəsində intizam tədbirləri görülüb.

Xəbəraxını xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin məlumatında bildirilib.

Xəzər Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə kommunal-təsərrüfat qurumlarının rəhbərləri, qəsəbələr üzrə inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Elşən Salahov görülən işləri təhlil edib, ərazinin memarlıq və estetik görünüşünə mənfi təsir göstərən çatışmazlıqları, eləcə də qəzalı tikililərin vəziyyətini diqqətə çatdırıb. O, problemlərin aradan qaldırılması üçün aidiyyəti şəxslərə tapşırıqlar verib.

Nəzarətin lazımi səviyyədə təşkil edilməməsi və yol verilən nöqsanlara görə Qala və Zirə qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə töhmət elan edilib. Buzovna və Türkan qəsəbələrinin nümayəndələrinə isə xəbərdarlıq olunub.

Digər qəsəbələrin nümayəndələrinə də aşkar edilmiş çatışmazlıqların qısa müddətdə aradan qaldırılması, təmizlik və abadlıq işlərinə nəzarətin gücləndirilməsi, həmçinin oxşar halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir