İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi: Regional gərginlik müzakirə olundu

İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi: Regional gərginlik müzakirə olundu

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb. Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlıq və regiondakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Xəbəraxını xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyev Azərbaycan və İran arasında təhlükəsizlik, eləcə də ictimai asayişin qorunması istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı İran nümayəndə heyətinin səfərinin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib və bir müddət əvvəl Azərbaycanın nümayəndə heyətinin İrana səfərini xatırladıb.

İsgəndər Momeni qəbul üçün Prezident İlham Əliyevə təşəkkür edib, İran Prezidenti Məsud Pezeşkianın salamlarını çatdırıb. O, Azərbaycanı dost və qardaş ölkə adlandıraraq, İranda baş vermiş zəlzələlər və meşə yanğınları zamanı göstərilən humanitar dəstəyə görə minnətdarlığını ifadə edib.

İranın daxili işlər naziri, həmçinin regionda gərginliyin aradan qaldırılması istiqamətində aparılan danışıqlar barədə Azərbaycan Prezidentinə məlumat verib.

İlham Əliyev Yaxın Şərqdəki mövcud gərginliyin danışıqlar yolu ilə həll ediləcəyinə ümid etdiyini bildirib.

Görüşdə, eyni zamanda, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir