İki fərdi yaşayış evinin təmiri ilə bağlı ümumilikdə 1,3 milyon manatdan çox vəsait alan şirkət rəhbəri saxlanılıb. İddialara görə, təmir işləri tam başa çatdırılmayıb və vətəndaşlara ciddi maddi ziyan dəyib.
Xəbəraxını xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Araşdırma zamanı şirkət rəhbəri Elsevər Əliyevin bir vətəndaşdan evin təmiri üçün 888 min 731 manat aldığı müəyyən edilib. Ekspert rəyinə əsasən, həmin ünvanda görülən tikinti işlərinin dəyəri 317 min 160 manat təşkil edib.
Bundan başqa, şirkət rəhbərinin digər vətəndaşdan tikinti və təmir işləri üçün hissə-hissə 450 min manat aldığı, lakin işləri yarımçıq saxladığı bildirilir.
Faktlarla bağlı cinayət işi başlanılıb. Elsevər Əliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. Polis tərəfindən keçirilən tədbirlər nəticəsində o, saxlanılaraq istintaqa təqdim olunub.
Hazırda iş üzrə araşdırmalar davam etdirilir.
