Qax rayonunda məktəblilər arasında baş verən mübahisə ciddi xəsarətlə nəticələnib. IX sinif şagirdləri arasında tənəffüs zamanı yaranan dava zamanı yeniyetmələrdən biri xəsarət alıb.
Xəbəraxını xəbər verir ki, hadisə oktyabrın 20-də Əmran Cabbaroğlu adına Zəyəm kənd tam orta ümumtəhsil məktəbində qeydə alınıb. Bu barədə APA-ya istinadən məlumat yayılıb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə barədə dərhal təcili tibbi yardım xidmətinə, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib.
Xəsarət alan şagirdə məktəbdə ilkin tibbi yardım göstərildikdən sonra o, tibb müəssisəsinə göndərilib. Məsələ aidiyyəti qurumların nəzarətinə götürülüb və araşdırmalara başlanılıb.
TƏBİB-in məlumatına görə, 2012-ci il təvəllüdlü yeniyetmə saat 10:50 radələrində Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Hazırda şagirdin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir. Onun vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
