Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Müdafiə Nazirliyinin binasını ballistik raketlə hədəf aldıqlarını açıqlayıblar. Qruplaşma son 48 saat ərzində pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə dörd hərbi əməliyyat keçirdiyini iddia edir.
Xəbəraxını xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Husilərin hərbi nümayəndəsi Yəhya Sariya özünün “Telegram” kanalında bildirib ki, əməliyyatlardan biri Ər-Riyadda yerləşən Müdafiə Nazirliyinin binasına qarşı yönəlib.
Bundan əlavə, qruplaşmanın Səudiyyə Ərəbistanının qərbindəki Yanbu şəhərində “Saudi Aramco” neft şirkətinin infrastrukturuna da hücum etdiyi qeyd olunur.
Hücumların nəticələri və hədəflərə dəyən mümkün zərər barədə məlumat verilməyib. Husilərin açıqladığı məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.
