“Formula-1” Azərbaycan Qran-prisi günlərində şəhər sakinləri və sürücülər üçün nəqliyyatın rahatlığını təmin etmək məqsədilə bir sıra əsas yollar müəyyən saatlarda açıq olacaq.
Bakı Şəhər Halqasının məlumatına görə, Üzeyir Hacıbəyov və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhlizi də yaradılacaq.
Yarışla əlaqədar olaraq şəhərin müəyyən ərazilərində nəqliyyat məhdudiyyətləri tətbiq ediləcək. İlk məhdudiyyət sentyabrın 19-u saat 21:00-dan qüvvəyə minəcək. Məhdudiyyət Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişən hissəsində tətbiq olunacaq və tədbir başa çatanadək davam edəcək.
Nəqliyyatın idarəetmə planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkəti sentyabrın 20-si saat 01:00-dan sentyabrın 28-i saat 08:00-dək məhdudlaşdırılacaq. Bağlı zonalara giriş və çıxış yalnız yaşayış yerinə giriş icazəsi ilə mümkün olacaq.
Bununla yanaşı, son üç ilin təcrübəsi nəzərə alınaraq, şəhər sakinləri və sürücülərin rahatlığı üçün yarış günlərində bəzi əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq saxlanılacaq.
Belə ki, sentyabrın 21 və 22-də aşağıda qeyd olunan giriş-çıxış nöqtələri səhər saat 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək dayanma və durma olmadan nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Sentyabrın 23-də isə həmin yollar səhər 07:00-dan 09:00-dək, axşam saatlarında isə 20:00-dan 22:00-dək açıq olacaq.
Giriş nöqtələri:
- Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
- M.Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
- S.Vurğun küçəsindən Ü.Hacıbəyov küçəsi və Bülbül prospekti istiqamətində;
- Bülbül prospektindən Xaqani küçəsi və Neftçilər prospekti istiqamətində;
- Nizami və Puşkin küçələrinin kəsişməsindən Xaqani küçəsi istiqamətində;
- Ü.Hacıbəyov və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.
Çıxış nöqtələri:
- Neftçilər prospektindən Bakı Dəniz Limanı, “Port Baku Mall” və “Crescent Mall” istiqamətində;
- İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;
- Neftçilər prospektindən Azneft dairəsi, “Dəniz Mall” və Salyan şosesi istiqamətində.
Qeyd olunan saatlarda ictimai nəqliyyat və çoxtonnajlı yük avtomobilləri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri vasitəsilə təmin ediləcək.
Tranzit dəhlizlərinin açıq olduğu müddətdə, fövqəladə hallar istisna olmaqla, avtomobillərin parklanmasına, həmçinin sərnişinlərin minməsi və düşməsinə icazə verilməyəcək. Həmin dəhlizlərdə maksimal sürət həddi 50 km/saat müəyyən edilib.
Qeyd edək ki, “Formula-1 Qatar Airways” Azərbaycan Qran-prisi bu il sentyabrın 24-26-da keçiriləcək.
