FHN-dən qeyri-sabit hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

FHN-dən qeyri-sabit hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib.

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, avqustun 30-u axşam saatlarından sentyabrın 1-dək bəzi ərazilərdə intensiv yağış yağacağı, dağ çaylarında qısamüddətli selin keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı gözlənilir.

FHN bu səbəbdən əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Nazirlik sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, belə təhlükə yaranacağı təqdirdə isə dərhal daha yüksək əraziyə çıxmağı tövsiyə edib.

Güclü külək zamanı vətəndaşlara yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, binalardan və reklam lövhələrindən uzaq durmaq məsləhət görülür. Həmçinin elektrik dirəklərinin, naqillərin və hündür ağacların altında dayanmaq təhlükəli hesab olunur.

FHN kiçikhəcmli gəmi istifadəçilərinə də hava şəraiti sabitləşənədək dənizə çıxmamağı tövsiyə edib. Çimərliklərdə istirahət edən şəxslərə isə güclü külək zamanı dənizə girməyin təhlükəli olduğu xatırladılıb.

Nazirlik ildırım çaxarkən elektrik cihazlarının şəbəkədən ayrılmasını, telefondan istifadə edilməməsini və açıq ərazidə elektrik xətləri, ildırımötürücülər, navalçalar və antenalardan uzaq durulmasını tövsiyə edir. Bu zaman hündür ağacların altında gizlənmək də olmaz.

Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırımın keçməsini gözləmək tövsiyə olunub.

FHN bir daha xəbərdarlıq edib ki, təhlükəsizlik qaydalarına əməl edilməməsi insan həyatı üçün ciddi risk yarada bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir