Türkiyəli məşhur komediyaçı və aktyor Cem Yılmaz Çanaqqalanın Ayvacık rayonunda səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.
Məlumata görə, sənətçi Paşaköy kəndindəki evində olarkən sinə ağrısından şikayətlənib və təcili tibbi yardım çağırıb. Hadisə yerinə gələn briqada Yılmazı Ayvacıq Dövlət Xəstəxanasına aparıb.
İlkin tibbi yardım göstərildikdən sonra aktyor Çanaqqala Onsekiz Mart Universiteti Xəstəxanasının Koronar Reanimasiya şöbəsinə köçürülüb. Burada onun angioqrafiyadan keçirildiyi bildirilib.
Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu Cem Yılmazın vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
Nazirin sözlərinə görə, sənətçiyə zəruri tibbi müdaxilələr uğurla həyata keçirilib. Hazırda onun müalicəsi və tibbi müşahidəsi koronar reanimasiya şöbəsində davam etdirilir.
