Türkiyəli keçmiş model Deniz Akkayanın qızına xəsarət yetirməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Məhkəmə onun 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
Xəbəraxını xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Hadisə 2024-cü ilin mayında baş verib. İlkin ifadəsində Deniz Akkaya qızının ona hücum etdiyini iddia edib. Ancaq 15 yaşlı qızı anasının ona fiziki zorakılıq göstərdiyini bildirib.
İlkin məhkəmə qərarı ilə keçmiş model 4 ay müddətinə azadlıqdan məhrum edilsə də, qızının vəkilinin apellyasiya şikayətindən sonra işə yenidən baxılıb.
Məhkəmə Akkayanın əvvəllər başqa bir cinayət işi üzrə məhkumluğunun olmasını nəzərə alaraq yeni cəzanın icrasını təxirə salmayıb.
Qərar qanuni qüvvəyə minərsə, Deniz Akkaya cəzasını həbsxanada çəkə bilər.
