ABŞ Prezidenti Donald Tramp İranı Vaşinqtonun irəli sürdüyü şərtləri qəbul etmədiyi təqdirdə ölkənin mövcudluğuna son qoyulacağı ilə hədələyib. Onun bu açıqlaması ABŞ və İran arasında davam edən qarşıdurma fonunda səsləndirilib.
Xəbəraxını xəbər verir ki, Tramp Nyu-York ştatının Sirakuz şəhərində tərəfdarları qarşısında çıxış edərkən İranla bağlı məsələnin yaxın zamanda həll olunacağını bildirib.
“İranla bağlı hər şey çox tez həll olunacaq. Bu və ya digər şəkildə. Ya onlar bizə hər şeyi verəcəklər, ya da mövcudluqlarına son qoyulacaq. Onlar da bunu bilirlər”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp Vaşinqtonun Tehrandan konkret hansı şərtləri yerinə yetirməsini tələb etdiyini çıxışı zamanı açıqlamayıb.
ABŞ və İran arasında gərginlik hərbi qarşıdurma, iqtisadi sanksiyalar və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı məsələlər fonunda davam edir. Tərəflər arasında mümkün razılaşmanın şərtləri və danışıqların gələcək taleyi isə hələ də diqqət mərkəzindədir.
