Məhkəmə qərarlarını dəyişdirmək və müxtəlif vədlərlə vətəndaşlardan pul almaqda təqsirləndirilən şəxslər barəsində hökm çıxarılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə Rəsul Abbasov, Fəqan Həsənov, Zamin İbrahov və Bəhruz Hacıyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Məhkəmənin hökmü ilə Rəsul Abbasov, Fəqan Həsənov və Zamin İbrahovun hər biri 7 il, Bəhruz Hacıyevin isə 5 il müddətinə azadlıqdan məhrum edilməsi qərara alınıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.
İttihama əsasən, onlar Ədliyyə Nazirliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifələrdə çalışan qohum və tanışlarının olduğunu deyərək ayrı-ayrı şəxslərdən ümumilikdə 100 min manat pul alıblar.
Təqsirləndirilən şəxslər həbsdə olan vətəndaşları tanış və qohumlarının vasitəsilə cinayət məsuliyyətindən azad etdirəcəklərini, bunun mümkün olmadığı halda isə daha yüngül cəza almalarına kömək göstərəcəklərini vəd ediblər.
