Bakıda səhər işə gedənlərin, axşam evə qayıdanların yollarda keçirdiyi vaxt paytaxtın ən aktual problemlərindən birini yenidən gündəmə gətirir. Şəhərin əsas prospektlərində və giriş istiqamətlərində yaranan sıxlıq gündəlik həyata təsir göstərir. Problemin həlli isə yalnız yolların genişləndirilməsindən ibarət deyil. Nəqliyyatın təşkili, ictimai nəqliyyatın əlçatanlığı, piyada infrastrukturunun inkişafı və şəhərsalma yanaşması da mühüm əhəmiyyət daşıyır.
Bəs Bakıda tıxacların əsas səbəbləri hansılardır? Metro və şəhərətrafı qatarların imkanlarından necə daha səmərəli istifadə etmək olar? Kanat yolları paytaxt üçün real alternativə çevrilə bilərmi? Şəhərdə piyada hərəkətini yaxşılaşdırmaq üçün hansı addımlar qısa müddətdə atıla bilər?
Mövzu ilə bağlı suallarımızı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev cavablandırıb.
— Bakıdakı tıxacların əsas səbəblərini nədə görürsünüz?
— Bütün dünyada olduğu kimi, Bakıda da urbanizasiya, yəni şəhərləşmə prosesi gedir. İnsanlar daha yaxşı iş imkanları və əmək bazarının tələbləri səbəbindən müxtəlif yerlərdən paytaxta gəlirlər. Bununla yanaşı, nəqliyyat sistemində avtomobil yollarına və şəxsi avtomobillərə üstünlük verilməsi də sıxlığın artmasına təsir göstərir. Əsas problemlərdən biri qısa məsafələrdə belə şəxsi avtomobildən istifadə olunmasıdır. Bu isə yollardakı yükü artırır.
— Deməli, problemi yalnız yeni yollar tikməklə həll etmək mümkün deyil. Bəs hansı addımlar atılmalıdır?
— Nəqliyyat problemi kompleks yanaşma tələb edir. İctimai nəqliyyatın inkişafı, metro şəbəkəsinin genişləndirilməsi, şəhərətrafı elektrik qatarlarının hərəkətinin təkmilləşdirilməsi və tramvay nəqliyyatının bərpası kimi istiqamətlər nəzərdən keçirilməlidir. Avtobus zolaqlarının genişləndirilməsi, mikromobillik üçün şəraitin yaradılması və piyada infrastrukturunun yaxşılaşdırılması da vacibdir.
Baş planda və müasir şəhərsalma yanaşmalarında “15 dəqiqəlik şəhər” prinsipi də nəzərdə tutulur. Bu yanaşmada piyada hərəkətinə xüsusi əhəmiyyət verilir. Şəhər iyerarxiyasında piyadanın üstün mövqedə olması yalnız rahatlıq məsələsi deyil, həm də insanların sağlamlığı və təhlükəsizliyi ilə bağlıdır.
Əsas məsələ insanlara şəxsi avtomobildən istifadə etmədən rahat və səmərəli hərəkət etmək imkanı yaratmaqdır. İctimai nəqliyyat vaxt və rahatlıq baxımından əlverişli olduqda, avtomobildən asılılığın azaldılması üçün daha yaxşı şərait yaranır.
— Tıxacların yaranmasında şəhərin planlaşdırılması nə dərəcədə rol oynayır?
— Şəhərin funksiyalarının əsasən bir mərkəzdə cəmləşməsi nəqliyyat axınlarının da müəyyən istiqamətlərdə toplanmasına səbəb olur. İş yerlərinin, xidmətlərin və digər fəaliyyət sahələrinin şəhərin müxtəlif ərazilərində inkişaf etdirilməsi bu yükü azaltmağa kömək edə bilər.
Nəqliyyat layihələri ayrı-ayrılıqda deyil, vahid sistemin tərkib hissəsi kimi planlaşdırılmalıdır. Qərarlar real məlumatlara və ərazinin xüsusiyyətlərinə əsaslanmalıdır. Çünki nəqliyyatın əsas məqsədi yalnız avtomobillərin hərəkətini təmin etmək deyil, insanların mənzil başına daha az vaxt itirərək çatmasına şərait yaratmaqdır.
— Piyada infrastrukturunun yaxşılaşdırılması üçün hansı addımlar qısa müddətdə atıla bilər?
— Bu istiqamətdə illərlə gözləmədən, nisbətən qısa müddətdə nəticə verə biləcək addımlar atmaq mümkündür. İlk növbədə, piyada keçidləri rahat və təhlükəsiz olmalıdır. Küçələrdə zebra nişanlanmalı, işıqforla tənzimlənən keçidlərin sayı artırılmalıdır ki, insanlar yolu rahat və təhlükəsiz keçə bilsinlər.
Əlimizdə olan torpaq resurslarından düzgün istifadə etməklə piyadanın şəhər həyatında mühüm hərəkət iştirakçısı kimi mövqeyini gücləndirmək olar. Hazırda bu istiqamətdə piyada axınlarının miqyasını qiymətləndirmək üçün kifayət qədər məlumatımız olmasa da, müvafiq şərait yaradıldıqda küçələrdə daha böyük piyada hərəkətinin formalaşmasını müşahidə etmək mümkündür.
Bunun üçün küçəboyu yerləşən özəl obyektlərin, eləcə də dövlət idarələrinin hasarlarının optimallaşdırılması məsələsinə baxılmalıdır. Hasarlar küçə məkanına uyğunlaşdırılarsa, piyadaların hərəkəti üçün əlavə imkanlar yarana bilər. Piyada keçidlərinin təhlükəsizliyini təmin etmək üçün zolaq ensizləşdirilməsi, iki zolaqdan artıq küçə prospektlərdə təhlükəsizlik adacığının qurulması və kontrast işıqlarla ışıqlandırılması vacibdir.
Digər mühüm məsələ inklüzivlikdir. Küçələr elə təşkil olunmalıdır ki, hərəkət məhdudiyyəti olan şəxslər, uşaq arabası ilə hərəkət edənlər və digər piyadalar səkiyə maneəsiz daxil olub oradan rahat çıxa bilsinlər. Bəzi məhəllə girişlərində giriş-çıxışı hissələri səki səviyyəsinə qaldırımalıdır ki, piyada üstünlüyü təmin olunsun. Piyadaların qorunması üçün isə tumbalar qoyulmalıdır. Küçə şəhər orqanizminin bir hissəsidir və piyada üçün fasiləsiz, təhlükəsiz hərəkət sahəsi olmalıdır. Vision Zero deyilən bir anlayış vardır ki , bu, ölüm və ağır xəsarətlərin sıfıra endirilməsini hədəfləyən yanaşmadır. Mahiyyəti insan səhvlərini nəzərə alan, təhlükəsiz yol infrastrukturu, uyğun sürət rejimi və risklərin əvvəlcədən müəyyənləşdirilməsi ilə faciələrin qarşısını almaqdır. Məqsəd qəzadan sonra reaksiya vermək deyil, qəzanın ağır nəticələrini əvvəlcədən önləməkdir.
— Bəs nəqliyyat layihələri həyata keçirilərkən gündəlik hərəkətə mane olmamaq və qısa müddətdə nəticə əldə etmək mümkündürmü?
— Hazırda müəyyən nəqliyyat layihələri həyata keçirilir. Lakin layihələrin icrası zamanı gündəlik hərəkətə təsirin mümkün qədər minimuma endirilməsi də nəzərə alınmalıdır. Bəzi tikinti işlərində yolun üstündə nəqliyyatın hərəkətini tam dayandırmadan, müasir texnologiyaları istifadə etməklə işin təşkilinə daha çox üstüblük verməliyik. Bunlardan biri mikrotunel borudekran və digər texnologiyalardır. Belə üsullar uyğun ərazilərdə və texniki cəhətdən əsaslandırıldığı halda nəzərdən keçirilə bilər. Əsas məqsəd böyük həcmdə investisiya və uzun müddət tələb edən layihələrlə yanaşı, daha az vəsaitlə qısa müddətdə nəticə verə biləcək həlləri də qiymətləndirməkdir.
Problem mövcuddur və müəyyən layihələr həyata keçirilir. Bununla belə, insanların bu gün üzləşdiyi hərəkət çətinliklərini azaltmaq üçün daha tez tətbiq oluna biləcək tədbirlər də vacibdir.
— Bakıda kanat yollarının yaradılması alternativ nəqliyyat vasitəsi kimi müzakirə olunur. Bu layihə tıxacların azalmasına kömək edə bilərmi?
— Kanat yolları Bakı Metropoliteninin nəzarətindədir. Bakının şərq və qərb hissələrində relyef baxımından mürəkkəb, nəqliyyat əlaqələrinin qurulmasının çətin olduğu ərazilər var. Buna görə də kanat yolları alternativ ictimai nəqliyyat növü kimi nəzərdən keçirilə bilər. Lakin bu barədə qərar verilməzdən əvvəl ciddi təhlillər aparılmalıdır.
Bakı küləkli şəhər olduğundan, hava şəraitinin kanat yollarının fəaliyyətinə təsiri xüsusi qiymətləndirilməlidir. Güclü külək səbəbindən bu nəqliyyat növünün fəaliyyəti dayanacaqsa, onun dayanıqlılığı və səmərəliliyi sual doğura bilər. Təhlillər mümkün mənfi təsirlərin minimum olduğunu və layihənin səmərəli fəaliyyət göstərə biləcəyini ortaya qoyarsa, kanat yollarının yaradılması nəzərdən keçirilə bilər.
— Bütün bu dəyişikliklər reallaşana qədər şəhər sakinlərinə hansı tövsiyələri verərdiniz?
— Sakinlərə səfərlərini hibrid formada təşkil etməyi tövsiyə edərdim. Yəni insan hərəkətin bütün hissəsini şəxsi avtomobillə həyata keçirməkdə israr etməməlidir. Avtomobil rahat nəqliyyat vasitəsi ola bilər, lakin müəyyən məsafəni avtomobillə qət etdikdən sonra yolun qalan hissəsini metro, şəhərətrafı qatar, avtobus və ya piyada davam etdirmək mümkündür.
Bunun üçün alternativlər də əlçatan olmalıdır. Məsələn, küçələrdə zebra nişanlanmış və işıqforla tənzimlənən piyada keçidlərinin sayı artırılarsa, insanlar daha rahat hərəkət edə bilərlər. Əgər bir istiqamətdə avtomobil tıxacı yaranıbsa, digər tərəfdə piyada hərəkəti üçün rahat və maneəsiz şərait mövcuddursa, insanlar həmin imkandan istifadə etməyə üstünlük verə bilərlər.”
Nəticə olaraq, Bakıda nəqliyyat sıxlığının azaldılması yeni yolların salınması ilə məhdudlaşmır. Metro və şəhərətrafı qatarların təkmilləşdirilməsi, ictimai nəqliyyatın əlçatanlığı, piyada infrastrukturunun inkişafı və küçələrin daha təhlükəsiz təşkili eyni sistemin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Kanat yolları kimi alternativlərin mümkünlüyü isə texniki və iqtisadi təhlillər əsasında qiymətləndirilməlidir.
Əsas hədəf təkcə yollardakı avtomobillərin sayını azaltmaq deyil, şəhər sakinlərinin mənzil başına daha rahat, təhlükəsiz və az vaxt itirərək çatmasını təmin etməkdir.
